Sözü harasından eşidir? | Əziz Nesin

Bir bektaşi lətifəsindənAziz Nesin

Sömürkənd deyilən kənd göz gördüyü qədər dümdüz bir ovalıqda binə olmuşdu. Bu dümdüz ovalığın ortasında bir yumruq kimi göylərə ucalmış çox yüksək bir təpə vardır. Bu təpədə Sömürkəndin hakimi, krallar kralı, padşahlar padşahı Dümdük həzrətlərinin sarayı vardır. Dümdük həzrətləri bu sarayda xas qullarıyla birlikdə yaşayar. O uca təpədə uluların ulusu Dümdük həzrətlərinin sarayından başqa heç bir yaşayış yeri yoxdur. Sömürkəndin evləri bu ulu təpənin ətəklərini çevrələyiblər.

Sömürkənddən Dümdük həzrətlərinin sarayına çox dik bir yoxuşdan çıxılır. Bu elə bir dik yoxuşdur ki, bura çıxmağı hər igid bacarmaz.

Dümdük həzrətlərinin qulaqları çox, amma çox yaxşı eşidir. Belə ki, Sömürkənddəki bir topal qarışqanın belə iniltisini eşidir.

Dümdük həzrətlərinin gözləri də çox yaxşı görür. Belə ki, Sömürkəndin quraq və əlçatmayan yerlərində, torpağın beş qulac dərinliyindəki bir köstəbəyin olmayan gözlərini belə görə bilir.

Sömürkənd hakimi Dümdük həzrətlərinin sarayının olduğu təpənin ətəklərini bürümüş olan gecəqondularda, komalarda, alaçıqlarda yaşayan bütün yoxsullar, bütün işlərinin görülməsini, bütün arzularının reallaşmasını, bütün istəklərinin həyata keçirilməsini Dümdük həzrətlərindən gözləyir, hər şeyi ondan umurlar. Bunun üçün də dayanmadan gecə-gündüz Dümdük həzrətlərinə dua edirlər.

Sömürkəndin ən ucqar yerlərindəki gecəqonduların lap uzaqlığında tək otaqlı, rütubətli bir gecəqonduda Heçyox adında çox yaşlı, çox yoxsul, çox xəstə bir kişi təkbaşına yaşayır.

Amansız bir qış idi. Sömürkəndin bütün gecəqonduları qar altında qalmışdı. Evlərin bacalarından tüstü də çıxmırdı. Amma ulu təpədəki Dümdük həzrətlərinin sarayının bacalarından çıxan duman göylərə qalxırdı.

Gecəyarısı idi. Yazıq Heçyox ac idi, xəstə idi, qırx dəfə yamanmış kürkünün içində, dəlik-deşik, kirli-paslı əbasının altında soyuqdan tir-tir əsirdi. Az qala soyuqdan donacaqdı.

Heçyox əbasının içində büzülərək, ulu krallar kralına bu cür səsləndi:

— Ey ulu Dümdük həzrətləri! Sən her şeyi görür və eşidirsən. Əlbəttə, mənim də bu dişsiz çənə sümüklərimin necə bir-birinə dəyib zaqqıldadığını da eşitməkdəsən… İstəsən nələr etməzsən. Ey böyük, ey ulu Dümdük həzrətləri, məni bu soyuqdan qurtar.

Heçyox sözünü elə təzə bitirmişdi ki, gecəqondusunun sınıq-salxaq qapısı möhkəmcə döyülməyə başladı. Böyük ümidə qapılan Heçyox sevindi:

— Bax, səsimi eşitdi Dümdük həzrətləri, bir xeyirxahı yanıma göndərdi.

İnləyə-inləyə yerindən qalxdı, gedib qapını açdı. İçəri bir insan girdi ki, bığlarının hər iki ucundan bir adam sallansa daşıya bilərdi. Dedi:

— Mənə üstümə örtəcək bir şey ver, burda yatım.

Heçyox inləyərək:

— Mənim də üstümə örtməyə bir şeyim yoxdu.

Onu qovalayan jandarmlardan qaçıb canını qurtarmış qoçu yeri-göyü titrədən bir nərə çəkib, qorxudan yerə sərilmiş Heçyoxun əynindən əbasını, kürkünü dartıb çıxartdı. Bunları alıb üstünə örtdü, yan çevrilib yatdı və xoruldamağa başladı.

Yarıçılpaq qalmış Heçyoxun sümükləri səhərə kimi şaqqıldadı. Gün ağaran kimi qoçu əbanı da, kürkü də götürüb aradan çıxdı.

Heçyox aclıqdan ölmək üzrə idi. Bir baş soğanla, bir çimdik duzundan başqa yeməyə bir şeyi yox idi. Amma günlərdir elə hey soğan yeməkdən bezmişdi, artıq soğanı xəstə mədəsi də götürmürdü. Əllərini uca təpəyə tərəf açıb duaya başladı:

— Ey Ulu Dümdük həzrətləri, sən ki, hələ yumurtadan çıxmamış milçəyin gözünün rəngini də görürsən, hələ yumurtadan çıxmamış bülbüllərin cəh-cəhlərini də eşidirsən, əlbəttə məni də görür, aclıqdan quruyan bağırsaqlarımın necə quruldadığını da eşidirsən.

Deyən kimi, gecəqondunun qapısı döyülməyə başladı. Qapı elə möhkəm döyülürdü ki, az qala qırılsın. Heçyox böyük ümidlə, sürünə-sürünə gedib qapını açdı. Əvvəlcə içəri bir nərə səsi, sonra o səsi çıxaran quldur daxil oldu.

— Ala, tez ol mənə yemək ver.

Heçyox:

— Bir tikə yeməyim də yoxdu.

Quldur başından bir zərbə vuran kimi bir baş soğanla, bir çimdik duzu onun qabağına qoyub dedi:

— Buyur, nuş olsun!

Quldur yeyib aradan çıxdı.

Heçyoxun tənbəkisizlikdən başı fırlanır, gözləri qaralırdı. Qabın dibində qalmış tütün qırıntılarını, tozlarını toplayıb qəzet kağızına bükərək eşmə düzəltdi. Əllərini ulu təpəyə tərəf tutub:

— Ey böyük Dümdük həzrətləri, artıq mənə yazığın gəlsin, eşmə çəkməməkdən gözlərim qaralır.

Bunları demişdi ki, qapı yenə döyülməyə başladı. Budur, Dümdük həzrətləri axır ki, onu görmüş, səsini eşitmiş yardım göndərmişdi. Ayaqlarını sürüyə-sürüyə böyük bir ümidlə gedib qapını açdı. Bir sərxoş özünü içəri atıb qışqırdı:

— Ala, tez ol, başım dumanlanıb bir eşmə ver.

Heçyox eşməni gizlətmək istəsə də sərxoş zorla onun əlindən aldı. Sərxoşun hirsi keçməmişdi.

— Eşməm yoxdu deyə hələ mənə yalan da deyirsən?

Heçyoxu yerə yıxıb kibritinin alovu ilə komasının çürük taxtalarını oda verdi. Birdən ətrafı alov bürüdü və sərxoş cəld aradan çıxdı. 

Yerə yıxılmış Heçyox çətinliklə özünü bayıra atıb yanmaqdan canını qurtardı. Qarın üstündə inləyirdi. Bax elə buradaca donub öləcəkdi. Səsinin getdikcə zəiflədiyini, uzaqdan Dümdük həzrətlərinə eşitdirə bilmədiyini düşündü. Son gücünü toplayıb qalxdı, yola düşdü. Saraya gedib Dümdük həzrətlərinin ayaqlarına qapanacaq, yardım istəyəcəkdi. Amma o dimdik yoxuşu çıxmaq mümkünsüz idi. Təngnəfəs yıxılır durur, qarın arasında yuvarlanıb qalırdı. Yoxuşun ancaq üçdə birini çıxa bilmişdi ki, yerə yıxıldı, qarın üstünə düşüb elə oradaca qaldı. Artıq öldüyünü düşünürdü. Çox çətinliklə sısqa əllərini saraya doğru uzadıb dedi:

— Ey kralların kralı Dümdük həzrətləri! Yəqin səsimi eşidirsən, hüzuruna gəlməyə gücüm qalmadı. Sən hər istədiyini edərsən, mənə yanına gəlmək üçün bir vasitə yolla.

Elə bunu demişdi ki, geriyə çevrilib baxanda yoxuşun aşağısında bir adamın atı yedəyinə alıb ona tərəf gəldiyini gördü. Deməli, axır ki, Dümdük həzrətləri ona bu atı yollayırdı. Heçyoxun büzüşmüş üzü güldü, sönük gözləri parıldadı. Atla gələn adam yaxınlaşan kimi bir də atın arxasında dayça olduğunu gördü.

Yedəyində at olan adam yanına gələn kimi yerdə uzanan Heçyoxa bir təpik atıb dedi:

— Qalx görüm, orda yatıb qalmısan.

Heçyox çox çətinliklə qalxdı.

— Al bu dayçanı belinə yüklə.

— Aman allah...

— Aman-maman bilmirəm, indi işini bitirərəm sənin. Dayça yenicə doğulub yazıqdı. Al belinə yoxuşu çıxart.

Dayçanı Heçyoxun belinə mindirib qamçını vurdu. Heçyox dayçanın ağırlığına tab gətirməyib səndələdikcə başına-gözünə qamçı dəyirdi. Ahıldaya-ahıldaya dayçanı təpəyə çıxartdı.

Budur artıq Dümdük həzrətlərinin sarayının qarşısındaydı. Günəş şüasından bərq vuran qızılı qapısı, gümüş divarları. Saray beş-on addımlığında idi. Amma Heçyox heç tərpənmirdi.

Dümdük həzrətlərinin qullarından biri saraydan çıxdı. Yerdə qarın içində yaşlı birinin inlədiyini eşidib ona yaxınlaşdı:

— Yəqin ki, yorğunsan, acsan, xəstəsən. Burda donub qalacaqsan. Niyə Dümdük həzrətlərinə yalvarıb səsini eşitdirmirsən?

Heçyox başını çox çətinliklə də olsa adama tərəf çevirib istehzayla güldü:

Adam:

— Nə demək istəyirsən? Dümdük həzrətləri səsini eşitməz deyirsən?

— Heçyox dedi:

— Yooox, eşidər, eşidər. Heç elə şey olar? Eşitməyinə həmin an eşidər, amma həmişə tərsinə başa düşər...

Tərcümə: Elnarə Ağaoğlu 

 

0 şərh